Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar: birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü; ikincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli — Azərbaycan modeli yaranmışdır.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edir. Yol xəritəsinə əsasən, dövlət investisiyaları katalizator rolunu oynayır, iqtisadi inkişafın lokomotivi isə özəl sektorlardır. Xüsusi olaraq qeyd edilməlidir ki, Strateji Yol Xəritəsinin qəbulundan sonra onun həyata keçirilməsi üçün müvafiq dövlət qurumları öz fəaliyyətlərini daha müfəssəl proqramlar əsasında qurublar. Sənəddə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən əvvəl texniki-iqtisadi əsaslandırılma aparılır və hər bir təşəbbüs üzrə müvafiq dövlət qurumları cavabdehlik daşıyır.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2018-ci illər ərzində 3 beşillik proqram həyata keçirmişdir.
Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Hazırda ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla davam etdirilir.
Bu gün Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayır. Son illərdə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələrin reallaşması nəticəsində ölkəmiz beynəlxalq nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilib. Ölkəmizdə böyük gəmiqayırma zavodu inşa edilib. Xəzər hövzəsində olan ən böyük beynəlxalq Ələt Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalamışdır. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 9 fərqli mexanizmi — dəstək tədbirini əhatə edir. Hazırda “Made in Azerbaijan” brendi ilə 3 mindən artıq çeşiddə məhsul ixrac edilir.
Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xaricdəki Ticarət Evlərinin sayı artır. Hazırda onların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır.
Son illərdə Azərbaycan enerji sektorunun mühüm uğurlardan biri də TANAP layihəsinin Avropa sərhədinə çatdırılması olmuşdur. Uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP və TAP layihəsi uğurlu başa çatmışdır.
Enerji sahəsində digər bir mühüm hadisə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olmuşdur. Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına öz müsbət təsirini göstərəcək Transxəzər enerji kəmərinin reallaşmasına töhfəsini verəcək.
Uzun illər Azərbaycanın 20 faizə yaxın ərazisinin işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbədən sonra azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirmişdir. Bu məqsədlə Prezident İlham Əliyevin 07 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.