Azərbaycanda ilk muzeylərin yaranması XX əsrin 20-ci illərindən başlanır. Belə ki, 1920-ci ildə Bakıda ilk dəfə olaraq “Doğma diyar” adlı muzey, bir qədər sonra isə 1938-ci ildə Şəki şəhərində artıq ilk memorial muzey yarandı. Keçən əsrin 30-cu illərindən başlayaraq, bir-birinin ardınca Azərbaycanda müxtəlif ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr və məşhur mədəniyyət xadimlərinin ilk ev-muzeyləri yaranmağa başladı. Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov və digər məşhur milyonçu və əsilzadələrdən müsadirə olunmuş qiymətli sənət əsərləri bu muzeylərin kütləvi sərgilənən ilk eksponatları oldu.
Əsasən Azərbaycan Milli Tarix Muzeyini qeyd etmək olar. Bakı milyonçusu Z.Tağıyevin keçmiş malikanəsində yerləşən “Muzey içində muzey” sayılan, qeyri-adi eksponatları ilə seçilən malikanə binasının özü belə Azərbaycanın möhtəşəm tarixi memarlıq abidəsi hesab olunur.
Qeyri-adi təbii tikililər, mağara və qayalar, qalalar, qədim saraylar və abidələr açıq səma altında muzey kompleksi hesab edilir. Belə muzeylər də Azərbaycanda çoxdur — bunlar qayaüstü rəsmləri ilə dünyaca məşhur olan Qobustan qayaları, Şirvanşahlar sarayı, mismarsız yığılmış ecazkar şəbəkəli Şəki Xan sarayı, Möminə xatun türbəsi və Şuşa şəhəridir.
Təəssüf ki, keçən əsrin 90-cı illərində Azərbaycan xalqının maddi və mədəni abidələri erməni işğalçıları tərəfindən məhv edilib. İşğal zamanı 760-dan çox mədəniyyət abidəsi, eyni zamanda 40 mindən çox əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası tamamilə dağıdılmış, təbii sərvətləri oğurlanmış, böyük sahədə meşə və düzənlikləri yandırılmışdır. Hüquqi cəhətdən şəhər-muzey sayılan Şuşada 8 muzey fəaliyyət göstərirdi ki, hər biri özlüyündə Azərbaycanın maddi-mənəvi dəyəri hesab olunurdu. Qarət və məhv edilən abidələr sırasında Qarabağ Dövlət Tarix muzeyini, Üzeyir Hacıbəyovun ev-muzeyini, Bülbülün memoreal muzeyini, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyini, Azərbaycan xalçası və tətbiqi-sənəti muzeyinin Şuşa filialı, vertuoz tarzən Qurban Pirimovun Ağdamda yerləşən xatirə muzeyini və birçox başqalarını göstərmək olar. Müzəffər Ordumuzun böyük qələbəsindən sonra azad olunan torpaqlarımızda yenidən quruculuq işləri aparılır, əvvəlki abidələr və digər tarixi binalar bərpa edilir.
Bu gün Azərbaycanda 222 muzey fəaliyyət göstərir ki, onlardan 13-ü tətbiqi-sənət, 7-si ədəbiyyat, 16-sı tarix, 71-i bölgə-tarix, 60-ı Heydər Əliyev mərkəzləri, 6-sı hərb tarixi, almanların Göygöl ərazisində məskunlaşması xatirəsi olaraq Alman mədəniyyəti mərkəzi, 48-i isə ev-muzeyləridir.
Bir qədər irihəcmli muzey kompleksləri isə Bakı şəhərində yerləşir. Bunlar H.Əliyev Mərkəzi, Milli Tarix muzeyi, Milli Ədəbiyyat muzeyi, Azərbaycan xalça və tətbiqi-sənət muzeyi, Dövlət Teatr muzeyi, Dövlət Musiqi mədəniyyəti muzeyi və Azərbaycan İstiqlalı muzeyidir.
Bakıda, eyni zamanda Müasir incəsənət muzeyi, Miniatür kitab muzeyi, Bakının vizit kartı hesab edilən Qız qalası, Qala tarixi etnoqrafiya muzey-qoruğu, Nobel qardaşlarının ev-muzeyi, Daş kitabələr muzeyi, Arxeologiya və etnoqrafiya muzeyi, Malokologiya muzeyi, Hərbi Qənimətlər Parkı və digər muzeylər fəaliyyət göstərir.