AZƏRBAYCAN
Tarix
Ən qədim zamanlardan XX əsrin əvvəllərinədək
XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı qədim
və zəngin dövlətçilik tarixinə malikdir.
Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən
qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı,
Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar,
o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın - Azıx adamının
(Azıxantrop) çənə sümüyü bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri
olduğunu sübut edir.
Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik
olan xalqlarındandır. Tarixi Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin
təqribən 5 min illik tarixi var. Azərbaycan ərazisində ilk dövlət qurumları və
ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III
minilliyin əvvəllərindən başlayaraq yaranıb.
Eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində
Azərbaycan torpaqlarında Manna, Midiya, Atropatena və Albaniya kimi qüvvətli
dövlətlər mövcud olub.
Manna dövləti yalnız Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik
mədəniyyəti tarixində mühüm yer tutur. Manna bütün regionda baş verən hərbi-siyasi
hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə
çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı mübarizə
aparırdı.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın
hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən
olan saklar və massagetlər mühüm rol oynamağa başladılar.
Sonrakı dövrlərdə nə Əhəməni-İran imperiyasının uzun sürən işğal
rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi
mədəniyyətini məhv edə bilməyib. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra
Azərbaycan dövlətçiliyi yenidən dirçəlib. Ölkəmizin cənub torpaqlarında
Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəlib.
Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən
biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə
Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə çoxsaylı irandilli və ərəb mənşəli əhali
köçürdülər. Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə
və ən məhsuldar torpaqlarda yerləşdirildi, onlara geniş imtiyazlar verildi.
Lakin bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi
və Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Uzun tarixi dövr ərzində
Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində ölkənin
bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə, ticarət əlaqələri genişləndi.
Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni
birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi.
Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim
dövlətçilik ənənələri yenidən dirçəldi: Azərbaycan torpaqlarında Sacilər,
Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Siyasi,
iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verdi. 600 ilə qədər
davam edən sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, İslam
dininin bütün ölkə ərazisində yayılması Azərbaycanın sonrakı inkişafında mühüm
rol oynadı. Lakin Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış dövlətlərdən
heç biri uzun tarixi dövr ərzində Azərbaycanın bütün ərazisini əhatə edən
vahid, davamlı, qüdrətli dövlətə çevrilə bilmədi və davamlı siyasi sabitlik təmin
olunmadı. Azərbaycan Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd
keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq
imperatorluğunun tərkibinə daxil edildi.
Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar
və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam
etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin
ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti xalqımızın
etnik-siyasi tarixində xüsusi çəkiyə malikdir. Azərbaycan intibahı özünün
Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı.
XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi.
Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri
bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil dövlətin
daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, onun hərbi-siyasi təsir
dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, xalqın maddi və
mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı.
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün
tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli
dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti
altında birləşdirə bildi.
Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti
- Səfəvi dövləti meydana gəldi. Səfəvilərin
hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha
da yüksəldi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi
hökmdarlarının fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Səfəvi
dövləti qısa müddətdən sonra Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından
birinə çevrildi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan
sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha
da genişləndirdi. Bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla, Şimali
Hindistanı ələ keçirdi. Lakin onun bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş
dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə
etdiyi geniş ərazili imperiya süquta uğradı.
Beləliklə, XVIII əsrin ikinci yarısında Azərbaycan xırda dövlətlərə -
xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü
başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan
ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə
çalışsalar da, bu, heç bir nəticə vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi.
Bununla da Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə
çox əlverişli fürsət düşdü.
Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına
çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan
torpaqları iki imperiya arasında bölüşdürüldü: Azərbaycanın şimalı Rusiyaya, cənubu
isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.
Buna baxmayaraq, vətənpərvər insanların, görkəmli ziyalıların fəaliyyəti
sayəsində Azərbaycan xalqının mənəvi inkişafı təmin edildi, onun tarixi
yaddaşı, milli mədəniyyəti qorunub saxlandı.
Azərbaycan maarifçilik hərəkatı tariximizin ən vacib dövrlərindən birini
təşkil etdi. Bu mərhələnin Azərbaycan xalqının mədəni və siyasi dirçəlişindəki
rolu əvəzsizdir.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament
respublikası – Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Yeni qurulan Azərbaycan
Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən
son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanda müstəqil,
demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, ilk
parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırıldı,
ölkənin sərhədləri müəyyənləşdirildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi
hissələr yaradıldı, ərazi bütövlüyü və milli təhlükəsizliyin təmin edilməsi
üçün mühüm işlər görüldü, dövlət bayrağı, himni və gerbi qəbul edildi, ana dili
dövlət dili elan olundu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət
yetirildi və xalqın, milli dövlətçiliyin sonrakı illərdə hərtərəfli inkişafı
üçün müstəsna əhəmiyyət kəsb edən digər mühüm məsələlərin həlli istiqamətində məqsədyönlü
addımlar atıldı.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi
prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına
eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən xeyli əvvəl Azərbaycanda qadınlara
seçki hüququ verildi.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri
olduqca mürəkkəb tarixi şəraitdə - erməni hərbi birləşmələrinin azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti və özlərinə dövlət qurmaq üçün torpaq iddiaları
irəli sürməsi şəraitində, Batumi danışıqları nəticəsində əldə edilmiş kompromis
varianta əsasən İrəvanın paytaxt kimi Ermənistana verilməsi oldu. Bu böyük
tarixi səhv Azərbaycan xalqının həyatında növbəti faciələrə və ermənilərin
davamlı ekspansiyasına yol açdı.
1918-ci il dekabrın 7-də saat 13:00-da H.Z.Tağıyevin qızlar məktəbinin
binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi
bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün Müsəlman Şərqində
o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk
qanunverici orqan idi. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti dövründə
qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə,
siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə
imkan verdi.
Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə
qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət
prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Xalq Cümhuriyyətinin
fəaliyyəti
sayəsində Azərbaycanın beynəlxalq hüququn subyektinə çevrilməsi 1920-ci
ilin aprel ayındakı bolşevik işğalından sonra onun bir dövlət kimi dünyanın
siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal
edildi. Sovet hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyi çətin sınaqlar
qarşısında qaldı. 1920-1922-ci illərdə Azərbaycanın artıq beynəlxalq birlik tərəfindən
de-fakto tanınmış müstəqilliyi formal olaraq qismən qorunub saxlandı. 1922-ci
ilin martında Cənubi Qafqazın üç respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan)
vahid dövlət - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı
(ZSSRFİ) çərçivəsində birləşdirildi və bununla da formal müstəqillik tam aradan
qaldırıldı.
Sovet İttifaqı dövründə Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi və digər
rayonlar Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə, Azərbaycan
Xalq Cümhuriyyəti dövründə 114 min kvadratkilometrə bərabər olan ölkə ərazisi
86,6 min kvadratkilometrə qədər azaldıldı. Bundan başqa, 1923-cü il iyulun 7-də
bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu
qərar Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması istiqamətində atılmış
birinci addım oldu.
Azərbaycanda sovet hakimiyyətinə qarşı müqavimət qəddarcasına, sürgünlərlə,
repressiyalarla cavablandırıldı. 1937-ci il repressiyaları zamanı sovet
hakimiyyəti ilə barışmayan Azərbaycan xalqının görkəmli ziyalılarının əksəriyyəti
müxtəlif bəhanələrlə həbs edildi, Sibirə, Qazaxıstan çöllərinə sürgün edildi,
bir çoxu güllələndi.
Azərbaycan xalqı II Dünya müharibəsi illərində böyük fədakarlıq göstərdi,
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdilər. Bakı nefti
faşizm üzərində qələbənin əldə olunmasında mühüm rol oynadı.
1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi
Azərbaycanın qarşısında duran bir çox taleyüklü suallara aydın cavablar
tapılması və onların ardıcıllıqla həll edilməsi baxımından tarixi hadisə oldu.
1970-1980-ci illərin əvvəllərində respublika iqtisadiyyatının inkişaf
etdirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən
çoxsaylı sənaye müəssisələrinin, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan
istehsal sahələrinin yaradılması iqtisadi infrastrukturu köklü surətdə dəyişdirdi,
onun aqrar respublikadan daha çox sənaye yönümlü respublikaya çevrilməsinə zəmin
hazırladı.
Beləliklə, bütün məhrumiyyətlərə baxmayaraq, sovet hakimiyyəti illərində,
xüsusilə 1969-1982-ci illərdə əldə olunmuş nəhəng potensial XX əsrin sonunda
yenidən müstəqilliyinə qovuşmuş dövlətimiz üçün çox gərəkli oldu.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə qovuşarkən
özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik
ənənələrinə sadiq qaldığını göstərdi. Az müddət sonra Azərbaycan Xalq Cümhuriyyəti
dövrünün dövlət rəmzləri bərpa edildi.
Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası
çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Ermənistanın Azərbaycana
qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr,
iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi. Azərbaycan Xalq Cəbhəsi-Müsavat
iqtidarı yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı.
1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra vəziyyət dəyişməyə başladı. 1993-cü il iyunun 15-də Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə
Milli
Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini
Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.
Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 1993-cü il
oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respub- likasının Prezidenti seçildi.
Müstəqil dövlət quruculuğu, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin
edilməsi, iqtisadiyyatın bərpa olunması, demokratik inkişaf, Azərbaycanın beynəlxalq
əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyası Heydər Əliyevin milli
inkişaf strategiyasının başlıca konturlarını təşkil etdi.
Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan
Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və ümummilli liderin
hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar
dövrü kimi daxil oldu.
2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi xətti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Məhz bu mərhələdə enerji resurslarının ixracından əldə olunan gəlirlərin
xüsusi bir qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun
inkişafına, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdirilməsi və müasirləşdirilməsinə
yönəldildi. Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət
proqramları, reallaşdırılmış xüsusi layihələr güclü iqtisadi potensialın
formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi,
ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yaradılması, əhalinin
rifahının yüksəldilməsini təmin etdi. Bu gün Azərbaycan dünyada müstəqil siyasət
yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasəti Azərbaycan
xalqı tərəfindən birmənalı şəkildə dəstəklənir. 2003-cü ildən sonrakı dövrdə
keçirilmiş bütün seçkilərin nəticələri bu dəstəyin bariz nümunəsi