711

ODLAR YURDU - AZƏRBAYCAN

Biz sizə ecazkar bir diyardan — Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən — onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.

Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" — od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" — "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər", yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli, "Azərbaycan" bu ərazidə yaşayan qədim türkdilli qəbilənin adından əmələ gəlmişdir.

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.

Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları, onları oxumağı bacaranlara, başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmiş oğuz tayfaları həmin ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və bir çox başqa epik abidələrdə təcəssüm etmişdir.

Bu bərəkətli, səxavətli və mehriban torpaq bir çox mütəfəkkirlərin, filosofların, alimlərin, şairlərin, memarların, musiqiçilərin, rəssamların beşiyi olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz açmışdır. Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza kimi dahilər bəxş etmişdir.

Doğma diyarın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və digər istedadlı fırça ustalarının boyakarlıq lövhələrində əksini tapmışdır.

Xalq musiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.

Məşhur Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını, tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox uzaq ölkələrə gedib çıxırlar.

Dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri saxlanılır.

Azərbaycanda elmin və maarifin çoxəsrlik tarixi vardır. 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti, 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının institutları respublikada elmin, təhsilin və mədəniyyətin inkişafında müstəsna rol oynamışlar. Bu gün respublika alimlərinin maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun ənginlikləri, insan beyninin sirləri və s. problemlər daxildir.

Onlarla ali məktəb və texnikumlar, minlərlə məktəb, kollec və litseylər, ilahiyyət məktəbi — budur bugünkü Azərbaycanın təhsil sisteminin mənzərəsi.

Respublika alimlərinin həll etdikləri mühüm problemlərdən biri Xəzər dənizinin, Azərbaycanın müxtəlif bölgələrinin ekologiyasının qorunub saxlanmasıdır. Alimlərin səyləri sayəsində onlarla qoruq — Qızılağac, Şirvan, Zaqatala, Ağgöl, Girkan və s. yaradılmışdır.

Onilliklər boyu ölkə sənayəsini neftçıxarma, neft-kimya və neft emalı, kənd təsərrüfatını isə pambıqçılıq, üzümçülük, tərəvəzçilik və maldarlıq təmsil etmişdir.

Azərbaycanın iqtisadiyyatını canlı orqanizmə bənzətsək, etiraf edilməlidir ki, onun damarlarından neft axır. Azərbaycanda yer altından neftin, yanar qazın çıxması bu yeri hələ qədim zamanlarda hər yerdə məşhur etmişdir.

Azərbaycan ta qədimdən özünün əbədi yanan ocaqları, atəşgahları ilə məşhurdur. Abşeronda Yanardağ deyilən yer var. Naxçıvanda, Kəlbəcərdə, Masallıda, Lənkəranda, Babadağda… yerdən qaynar sular çıxır.

Suraxanıda əbədi olaraq yanan və heç vaxt sönməyən Atəşgah vardır. Əsrlər boyu dünyanın uzaq-uzaq ellərindən oda inanan, oda tapınan atəşpərəstlər, hətta Hindistandan kahinlər odu axtara-axtara gəlib onu Abşeronda tapıblar və özlərinin baş məbədlərini burada — Suraxanı Atəşgahında yaratmışlar.

Bu gün də "Azərbaycan" deyəndə göz önünə onun əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə işıq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı.

XIX əsrdən başlayaraq bütün dünyada sənayenin yüksəlişi ilə əlaqədar olaraq neftə olan ehtiyac görünməmiş bir sürətlə artdı.Həmin əsrdən başlayaraq neft məişət vasitəsindən çıxaraq siyasətə çevrilir. Tarixə elm-texnika əsri kimi daxil olmuş XX əsrdə isə neft məsələsi dünya məsələsinə çevrilir. Neft ölkələrində xüsusi neft siyasəti, neft strateqiyası meydana gəlir.​

Bu gün Azərbaycanda nəhəng enerji layihələri yerinə yetirilməkdədir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilmişdir.

Bir zamanlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə (90-cı illərdə Ermənistan Dağlıq Qarabağ və onun inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonu işğal etmişdi. Ölkənin 10 milyonluq əhalisinin 1,2 milyonu qaçqın-köçkün statusu almışdı. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.) baxmayaraq, hal-hazırda ölkəmiz dünyanın demokratik ölkələri sırasındadır. Azərbaycan mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində mühüm və qətiyyətli addımlarını atmaqda davam edir.

Hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir, yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.

azerbaijan.az-a istinadən